FHN: Ötən sutka ərzində iki nəfər xilas edilib
Bakı, 12 noyabr, AZƏRTAC
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 15 halda yanğına çıxış, 2 köməksiz vəziyyətdə qalma və avtonəqliyyat qəzası faktı üzrə isə 1 qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub. Sutka ərzində FHN-in qüvvələri tərəfindən iki nəfər xilas edilib, həmçinin Gəncə şəhərində “VAZ” və “Hyundai” markalı iki minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1962-ci il təvəllüdlü Rüstəmov Abdulxaliq Mamed oğlunun cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.