FHN yanında İctimai şuranın üzvləri Naxçıvana səfər ediblər
Bakı, 26 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) yanında İctimai şuranın üzvləri Naxçıvan Muxtar Respublikasında olublar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfərin məqsədi Naxçıvan Muxtar Respublikası FHN tərəfindən əhali və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması sahəsində görülən işlərlə yerində tanışlıq olub.
Şura üzvləri Naxçıvan Muxtar Respublikası FHN-də görüşlər keçiriblər. Görüşlərdə Naxçıvanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, əhalinin xəbərdar edilməsi və maarifləndirilməsi sahəsində keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.
İctimai şura üzvləri, eyni zamanda, Naxçıvan FHN-in struktur bölmələrinin fəaliyyəti ilə, o cümlədən nazirliyin istifadəsində olan xüsusi təyinatlı texnika və avadanlıqlarla tanış olublar.
Naxçıvan FHN-in Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsinə baş çəkən şuranın üzvləri şəxsi heyətlə görüşüb, idarəetmə, o cümlədən nizam-intizam, sanitar vəziyyət və təminat məsələləri ilə maraqlanıblar.
Səfər çərçivəsində İctimai şuranın üzvləri Heydər Əliyev Muzeyini ziyarət edib, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən zəngin eksponatlar, şəxsi əşyalar, tarixi sənədlər və foto-materiallarla tanış olublar.