Filippinə yaxınlaşan “Zoraida” siklonu “Hayyan” qasırğasından sonra vəziyyəti daha da gərginləşdirə bilər
Bakı, 12 noyabr (AZƏRTAC). “Zoraida” tropik depressiyası (şiddətlənərək fırtına dərəcəsinə çata biləcək aşağı təzyiq sahəsi) Filippinin cənubundakı Mindanao adasına yaxınlaşmışdır.
Bununla əlaqədar regionda havaların qeyri-sabit, yağışlı və küləkli keçəcəyi, “Hayyan” qasırğasından zərər çəkmiş rayonlarda vəziyyətin daha da gərginləşəcəyi gözlənilir.
Filippin meteoroloqlarının verdiyi məlumata görə, qeyri-sabit hava zonasında küləyin maksimal sürəti saatda 55 kilometrə çatır. Lakin “Zoraida” siklonunun daha da güclənərək tropik fırtınaya çevrilib-çevrilməyəcəyi hələ məlum deyil.
Aşağı təzyiq sahəsi saatda 30 kilometr sürətlə Filippinin şimal-qərb zonasına tərəf irəliləyir. Bu halda siklonun trayektoriyası demək olar ki, “Hayyan” qasırğasının trayektoriyası ilə eynidir, lakin bir qədər cənubdan keçir. Mütəxəssislərin fikrincə, bu hadisələr öz miqyaslarına və dağıdıcı təsirinə görə xeyli fərqlənir.
Honkonqdan 550 kilometr qərbdə yerləşən Syanqana çatmış “Hayyan” bir qədər zəifləmiş və aşağı təzyiq sahəsinə çevrilmişdir. Lakin yerli meteoroloji rəsədxananın verdiyi məlumata görə, bu qasırğanın “son nəfəsi” bütövlükdə Cənubi Çin bölgəsində hələ də şiddətli külək formasında hiss olunur.
Bu arada ABŞ hökuməti “Hayyan” qasırğasının nəticələrinin aradan qaldırılmasına kömək məqsədi ilə “Corc Vaşinqton” təyyarədaşıyan gəmisini Filippinə göndərməyi qərara almışdır. Pentaqonun nümayəndəsi bu barədə “Röyter” agentliyinə noyabrın 11-də məlumat vermişdir.
Filippində “Hayyan” Tufanında zərər çəkmiş insanlara Böyük Britaniya hökuməti 10 milyon funt (16 milyon dollar) məbləğində humanitar yardım göstərəcəkdir. Krallığın baş naziri Devid Kemeron bu barədə noyabrın 11-də axşam məlumat vermişdir. Britaniya Hərbi Dəniz Qüvvələrinin “Derinq” eskadra mina gəmisi artıq Filippin istiqamətində yola düşmüşdür. Bundan əlavə, Böyük Britaniya öz Hərbi Hava Qüvvələrinə məxsus bir neçə nəqliyyat təyyarəsini də Filippinə verəcəkdir.
Filippinin fövqəladə hallar üzrə milli agentliyinin məlumatına görə, tufan qurbanlarının sayı 1774 nəfərdir.