FİNLANDİYA AZƏRBAYCANLA ƏLAQƏLƏRİN GENİŞLƏNDİRİLMƏSİNDƏ MARAQLIDIR
Nazirliyin mətbuat mərkəzindən AZƏRTAC-a daxil olan məlumatda deyilir ki, səfir diplomatik fəaliyyəti dövründə ona göstərilmiş köməyə və səmərəli əməkdaşlığa görə Azərbaycan tərəfinə minnətdarlığını bildirmişdir. Azərbaycanın Cənubi Qafqaz bölgəsinin vacib ölkəsi olduğunu vurğulayan diplomat Finlandiyanın Azərbaycanla siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişafında maraqlı olduğunu söyləmişdir. O, bu baxımdan hökumət və parlament nümayəndələrinin qarşılıqlı işgüzar səfərlərinin təşkil edilməsinin vacibliyini vurğulamışdır. Bir zaman Nobel qardaşları ilə bərabər finlərin də Azərbaycanda neft sahəsində çalışdığını xatırladan səfir, indi də onların ölkəmizə sərmayə qoyuluşunda yaxından iştirak etdiklərini xüsusi qeyd etmişdir.
Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında əlaqələri yüksək qiymətləndirərək, Azərbaycanın Finlandiya ilə hərtərəfli əməkdaşlığının inkişafına xüsusi əhəmiyyət verdiyini və dövlətlərarası iqtisadi əlaqələrin möhkəmləndirilməsinin zəruriliyini vurğulamışdır.
Azərbaycanın xarici siyasət idarəsinin başçısı səfirə gələcək fəaliyyətində uğurlar arzulamışdır.