Finlandiyanın Maliyyə naziri Braziliyadan ət və soya idxalına qadağa qoymağa çağırıb
Stokholm, 28 avqust, AZƏRTAC
Finlandiyanın Maliyyə naziri Mika Lintilya Braziliyanın Amazonda tüğyan edən yanğınları söndürməyə cəhd göstərməməsinə cavab olaraq bu ölkədən ət və soya idxalına qadağa qoymaq imkanlarını nəzərdən keçirməyə çağırıb.
Nazir bildirib ki, Finlandiya bu qadağa təklifini Avropa İttifaqı ölkələri ilə birlikdə tez bir vaxtda müzakirə etməlidir.
AZƏRTAC Finlandiya KİV-lərinə istinadla xəbər verir ki, Braziliyadan mal ətinin və soyanın idxalına qadağa dünyanın ən iri tropik meşələrində - Amazonda tüğyan edən yanğınlara qarşı mübarizə tədbirlər görməsi üçün bu ölkəyə təzyiq vasitəsi kimi təklif olunub.
KİV-lərin yaydığı məlumata görə, belə bir çox ciddi şübhə var ki, yanğınların bəziləri torpaqları kənd təsərrüfatı işləri və mal-qara yetişdirmək üçün təmizləmək məqsədi ilə yerli kənd təsərrüfatı müəssisələrinin sahibləri tərəfindən törədilib.
Finlandiya nazirinin sözlərinə görə, Avropa İttifaqı vəziyyəti nizamlamaq üçün qətiyyətli tədbirlər görməlidir. Lintilya vəd edib ki, blok tərəqqiyə nail olmasa, o, bu məsələni Avropa İttifaqı yanında İqtisadi və Maliyyə Məsələləri Şurasının - "Ecofin"in sədri vəzifəsində qaldıracaq.
Qeyd edək ki, Aİ-nin maliyyə nazirləri sentyabrın 13-14-də Helsinkidə qeyri-rəsmi görüşə toplaşacaqlar.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm