Firon Xufunun “Günəş gəmisi” Böyük Misir Muzeyinə köçürülüb
Qahirə, 11 avqust, AZƏRTAC
Təqribən 4600 il yaşı olan Qədim Misir fironu Xufunun “Günəş gəmisi” ötən il təntənəli açılışı keçirilmiş Böyük Misir Muzeyinə gətirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Misirin Turizm və Qədim Abidələr Nazirliyi məlumat yayıb.
1954-cü ildə kəşf edilən firon Xufunun gəmisi Qədim Misir inanclarına görə onun mumiyasının olduğu yerdə saxlanılırdı. Firon ölümdən sonrakı həyatında bu gəmi ilə səyahət edəcəyinə inanırdı. Xufunun türbəsinin yerləşdiyi böyük Xeops ehramından Giza yolu ilə Böyük Misir Muzeyinə transfer edilən 42 metr uzunluğunda və 20 ton ağırlığında olan, həmçinin qızıl suyu ilə işlənmiş qara örtüyə bürünən gəmi Qahirə sakinləri və turistlərin böyük marağına səbəb olub. Firon Xufunun gəmisi Belçikadan gətirilmiş və uzaqdan komanda ilə idarə olunan xüsusi yük konteyneri vasitəsilə daşınıb və 10 saatdan sonra muzeyə çatdırılıb.
Ötən ilin aprelində Misir Prezidenti Əbdülfəttah əl-Sisinin iştirakı ilə açılışı keçirilən Böyük Misir Muzeyi Qədim Misirin 22 fironunun mumiyasını qəbul etmişdi.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə