Fizika və Kimya institutları arasında hərtərəfli əməkdaşlığı nəzərdə tutan memorandum imzalanıb
Bakı, 14 may, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Fizika və Kimya İnstitutları arasında birgə fundamental və innovativ xarakterli kompleks elmi tədqiqatlar, eləcədə yüksəkixtisaslı kadr hazırlığı üzrə işbirliyi haqqında əməkdaşlıq müqaviləsinin imzalanmasına həsr olunan görüş keçirilib.
Bu barədə AZƏRTAC-a Fizika İnstitutundan məlumat verilib.
Fizika İnstitutunda təşkil olunan tədbirdə bu elmi müəssisənin direktoru vəzifəsini icra edən professor Elçin Hüseynov bildirib ki, dünya elminin müasir çağırışlarına və Azərbaycan elminin yeni reallıqlarına uyğun olaraq iki institut arasında fizika və kimya elmlərinin prioritet seçilmiş elmi istiqamətlərini əhatə edən sahələrdə birgə fəaliyyət göstərmək obyektiv zərurətdir. Onun sözlərinə görə, əməkdaşlıq müqaviləsini də imzalamaqda əsas məqsəd hər iki institutun alim və gənc mütəxəssisləri arasında multidisiplinar xarakterli fundamental və innovativ tədqiqatların genişləndirilməsilə elmi tədqiqatların səmərəliliyinin artırılması, qarşılıqlı əlaqə və birgə əməkdaşlığın inkişaf etdirilməsini dəstəkləməkdir.
E.Hüseynov bu qarşılıqlı anlaşma nəticəsində müvafiq elmi- tədqiqat laboratoriyalarında və hər iki elmi müəssisənin alim və mütəxəssislərin birlikdə fizika və kimya elminin prioritet istiqamətləri üzrə müştərək elmi-tədqiqat işlərinin, analitik mərkəzlərdə fiziki-kimyəvi analizlərin aparılması, eləcə də elmi-tədqiqat proqramlarının, layihələrinin hazırlanması, müzakirəsi və icrasının mümkün olacağını vurğulayıb.
Kimya İnstitutunun direktoru vəzifəsini icra edən professor Əfsun Sucayev qeyd edib ki, istər fizika və istərsə də kimya fundamental və tətbiqyönlü dəqiq, təbiət elmləri olduğu üçün bunları bir-birindən ayrı təsəvvür etmək çətindir. Onun sözlərinə görə hər iki elm sahəsi ölkəmizdə geniş təşəkkül tapmış, elmi məktəblər formalaşmış və görkəmli alimlər nəsli yetişmişdir.
Ə.Sucayev diqqətə çatdırıb ki, bundan sonra fizika və kimya elmlərinin qovuşduğu sərhədlərdə multidisiplinar tədqiqatların genişləndirilməsi, yerli və beynəlxalq layihələrdə birgə iştirakın təmin olunması məqsədilə işçi qrupların yaradılması, müvafiq ixtisaslar üzrə təhsil alan doktorantlara birgə elmi rəhbərlik və onların elmi işləri üzrə tərəflərin aparıcı mütəxəssislərinin elmi müzakirələrinin təşkili, beynəlxalq və respublika səviyyəli birgə elmi konfrans, simpoziumlar, sərgilər, təlim və seminarların keçirilməsi istiqamətində əməli addımlar atılacaq.
Sonra tərəflər müştərək elm tədqiqatlar və yüksəkixtisaslı kadr hazırlığı üzrə işbirliyi haqqında Əməkdaşlıq Müqaviləsi imzalayıb və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.