Fiziki tərbiyə dərsləri üzrə monitorinqin nəticələri müzakirə edilib
Bakı, 4 may, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində fiziki tərbiyə dərsləri üzrə monitorinqin nəticələri ilə bağlı görüş keçirilib.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən bildirilib. Görüşdə BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə monitorinqin nəticələri barədə geniş məlumat verib, problemlərin səbəblərini iştirakçıların diqqətinə çatdırıb. Sektor müdiri monitorinqlərin təşkil olunmasının əsas məqsədinin Elm və Təhsil Nazirliyi, BŞTİ-nin fəaliyyət planlarında xüsusi yer almış “Uşaqların sağlam həyat tərzinin və sağlam qidalanmasının təşviqi” strateji istiqamətinin təhsil müəssisələrində həyata keçirilməsi vəziyyətinin müəyyənləşdirilməsi, fənnin tədrisinin məzmun standartlarına uyğun təşkil olunması, fiziki tərbiyə müəllimlərinin tədris resurslarından səmərəli istifadəsinin təşviq edilməsi, dərsin perspektiv planlaşdırmaya uyğunluğunun reallaşdırılması və fiziki tərbiyə müəllimlərinin peşəkar inkişafına dəstəyin verilməsi olduğunu bildirib.
Görüşdə Təlimə Dəstək Mərkəzinin direktoru Minarə Fərzəliyeva fiziki tərbiyə dərslərinin şagird şəxsiyyətinin formalaşmasındakı əhəmiyyətindən və dərslərin metodiki strukturundan söhbət açıb.
Sonda fiziki tərbiyə dərslərinin şagirdlərin sağlamlığının inkişafındakı rolu barədə tövsiyələr verilib, mövzu ilə bağlı təkliflər səsləndirilib, müəllimlərin sualları cavablandırılıb.