Floyd Meyvezer Dubayda nümayiş xarakterli döyüş keçirəcək
Bakı, 7 aprel, AZƏRTAC
Amerikalı boksçu Floyd Meyvezer mayın 14-də Dubayda “The Global Titans Series”in himayəsi altında keçiriləcək yarışda nümayiş xarakterli döyüş keçirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, səkkiz raunddan ibarət qarşılaşmada F.Meyvezerin rəqibi həmyerlisi Don Mur olacaq.
Qırx beş yaşlı F.Meyvezer bütün zamanların ən çox qazanan boksçusu hesab olunur. Filippinli Menni Pakyao ilə 2015-ci il mayın 2-də baş tutan döyüşə görə Meyvezer boks tarixində rekord qonorar - 210 milyon dollar, irlandiyalı Konor Makqreqorla görüşə görə isə qeyri-rəsmi məlumatlara görə, 275 milyon dollar qazanıb. “Forbes” jurnalı 2018-ci ilin iyul ayında boksçunu ən çox qazanan məşhurlar siyahısında birinci yerə layiq görüb.
Məğlubedilməz rinq ustası peşəkar boksda 50 qələbə qazanıb. O, 5 çəki dərəcəsində dünya çempionu və 1996-cı il Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. Boksçu 2017-ci ildə 10-cu raundda texniki nokautla məğlub etdiyi irlandiyalı Konor Makqreqorla döyüşdən sonra karyerasını başa vurub. Yaponiyalı kikboksçu Tenşin Nasukavaya qarşı 2018-ci ilin dekabrında keçirdiyi nümayiş xarakterli döyüşün ilk raundunda nokautla qalib gəlib. Ondan iki il sonra - 2021-ci ilin iyununda bloger Loqan Paul ilə səkkiz raundluq döyüşdə isə qalib rəsmi olaraq açıqlanmayıb.