“Fotometrik sistemlərin növləri”- rəsədxanada astroseminar
Bakı, 5 oktyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.
Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib.
Seminarda rəsədxananın Qoşa ulduzlar və eruptiv proseslər şöbəsinin əməkdaşı Vahid Tahirovun “Fotometrik sistemlərin növləri” mövzusunda məruzəsi dinlənilib.
V.Tahirov müşahidə olunan obyektin fiziki parametrlərinə uyğun olaraq istifadə olunan müxtəlif növ fotometrik sistemlər haqqında danışıb. O bildirib ki, fotometrik sistem, keçiriciliyi dalğa uzunluğuna görə dəyişən və dalğa uzunluğu diapazonu yaxşı müəyyən edilmiş filtrlər qrupudur. Ancaq fotometrik sistemin həssaslığı istifadə olunan filtrlərin keçiriciliyi ilə məhdudlaşmır. İstifadə olunan detektorun cavab əyrisi, istifadə olunan teleskopun bütün optik elementlərinin əksetmə və keçiricilik əyriləri, hətta müşahidələrin aparıldığı hündürlük də fotometrik sistemin hansı dalğa uzunluqlarında nə qədər həssas olmasına təsir edir.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.