FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN YENİ ALINMIŞ TEXNİKASINA BAXIŞ KEÇİRİLMİŞDİR
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üstünə tər güllər düzülmüşdür.
Onlar Şəhidlər xiyabanını da ziyarət etmiş, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş vətən oğullarının xatirəsini anmış, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.
Elə həmin gün Suraxanı rayonunda Yanğınsöndürmə İdarəsinin yeni binasının açılış mərasimi keçirilmişdir.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov və qonaqlar inzibati binanın iş otaqları ilə, avadanlıqla tanış olmuş, yeni alınmış 5 ədəd “KamAZ” markalı yanğınsöndürən maşınına, yanğınların söndürülməsi zamanı istifadə olunan ləvazimata, geyim formalarına baxmışlar.
Həmin gün Fövqəladə Hallar Nazirliyi üçün alınmış yeni texnikaya baxış keçirilmişdir.
Silahlı Qüvvələrin Ali baş komandanı, Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama uyğun olaraq, nazirliyin əməkdaşlarının ilk dəfə öz peşə bayramlarını qeyd etdiklərini söyləyən nazir, qısa vaxt ərzində xeyli işlər görüldüyünü, qurumun bir çox texniki vasitələrlə, xüsusi geyimlərlə təmin olunduğunu diqqətə çatdırmışdır.
O demişdir ki, vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək məqsədi ilə yaxın vaxtlarda müxtəlif ölkələrdən müasir tələblərə cavab verən texnika, avadanlıq gətiriləcək, respublika ərazisində yanğınsöndürmə, xilasetmə məntəqələri tikiləcəkdir. Bu gün bizim xilasedicilərimiz artıq mobil şəkildə bütün qüvvələrlə vaxtında özlərini hadisə yerinə çatdırmağa və təhlükənin qarşısının alınması üçün bütün işləri görməyə hazırdırlar. Gələn il də nazirliyin müxtəlif strukturları üçün yeni texnika, maşın, avadanlıq, cihaz və qurğular alınacaqdır.
K.Heydərov dövlətimizin başçısını əmin etmişdir ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dövlət və xalq qarşısında borclarını ləyaqətlə yerinə yetirəcəklər.
Tədbirdə Azərbaycan Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi general-leytenant Vahid Əliyev iştirak etmişdir.