CƏMİYYƏT
“Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri davam etdirilir
Bakı, 23 yanvar, AZƏRTAC
Yanvarın 23-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi Nəsimi rayonu 44 nömrəli tam orta məktəbdə şagird və müəllim heyətinin fövqəladə hadisələrlə bağlı maarifləndirilməsi məqsədilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda tədbir keçirib.
Bakı Regional Mərkəzinin maarifləndirmə sektorundan AZƏRTAC-a bildiriblər ki, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Tamilla Xankişiyeva şagird və müəllim heyətinin fövqəladə hallar zamanı davranış qaydalarını bilməsinin vacibliyini vurğulayıb, bu səbəbdən belə maarifləndirmə tədbirlərinin böyük əhəmiyyəti olduğunu qeyd edib.
Tədbirdə “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “112 qaynar xətti”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Odsöndürən balonlardan istifadə”, “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzularında çıxışlar edilib, mövzulara aid maarifləndirici videoçarxlar nümayiş olunub.
Sonra iştirakçıların çoxsaylı sualları cavablandırılıb.
Tədbirdə Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti, eləcə də Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin əməkdaşları iştirak ediblər.