Fransa hakimiyyəti demokratik dəyərlərə sadiqliyini ilk növbədə öz ölkəsində nümayiş etdirməlidir
Bakı, 22 oktyabr, AZƏRTAC
Fransa hakimiyyəti demokratik dəyərlərə sadiqliyini ilk növbədə öz ölkəsində nümayiş etdirməli, vətəndaşların dinc etiraz hüququnu təmin etməli və polis zorakılığı ilə bağlı iddialara obyektiv qiymət verməlidir. Eyni zamanda, zorakılıq və vandalizm halları dinc etirazçıların hüquqlarına kölgə salmamalıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynli deyib.
O bildirib ki, Fransada baş verən etirazlar ölkədə uzun müddətdir yığılıb qalan sosial narazılıqların, hökumətin cəmiyyətin tələblərinə adekvat cavab verməməsinin və siyasi qütbləşmənin nəticəsi kimi qiymətləndirilməlidir. “Sarı jiletlilər” hərəkatı və pensiya islahatlarına qarşı kütləvi etirazlar göstərdi ki, sosial problemlərə inzibati təzyiq və sərt müdaxilələrlə yanaşmaq cəmiyyətdəki narazılığı aradan qaldırmır. Eyni zamanda, təhsil sistemi və miqrasiya ilə bağlı problemlər ölkənin idarə olunmasındakı xaotizmin nümunəsidir. Makron prezident kimi, faktiki olaraq, Fransa xalqının ümidlərini doğrultmayıb və bu, yaranmış etirazların fonunda açıq-aydın görünür.
“Əsas məsələlərdən biri də yaranmış vəziyyətlə bağlı Avropa institutlarının qeyri-adekvat mövqeyidir. Başqa ölkələrdə insan hüquqları ilə bağlı sərt bəyanatlar verən Avropa Parlamenti və Avropa Komissiyası Fransada baş verən hadisələrə də eyni prinsipiallıq və obyektivliklə yanaşmalıdır. Demokratiya və insan hüquqları siyasi maraqlardan asılı olaraq tətbiq edilən ikili standartlara çevrilməməlidir”, - deyə o əlavə edib.