Fransada aksiyaçılar polis zorakılığına son qoyulmasını tələb edirlər
Paris, 3 fevral, AZƏRTAC
Fransada “sarı jiletlər” etiraz aksiyasının 12-ci aktında 58 min 600 nümayişçi iştirak edib.
AZƏRTAC xəbər verir ki, Parisdə təxminən 13 min 800 aksiyaçı küçələrə çıxıb. Ötən həftə onların sayı 4 min olub. Prefektura 30-a qədər nümayişçinin dindirildiyini bildirib.
Nümayişçilər Parisdə yaralıların xatirəsinə dinc yürüş etdiklərini bildirsələr də, polis ilə qarşıdurma zamanı gərgin anlar yaşanıb. Valans, Bordo, Lill, Nansi, Monpelye, Morle və digər şəhərlərdə də polislə nümayişçilər arasında qarşıdurma olub. Aksiya zamanı ölkə üzrə 80 min polis səfərbər edilib.
Aksiyaçılar yaralılara həsr edilən 12-ci aktda polis zorakılığına son qoyulmasını tələb ediblər.
Fransada 60-a qədər vəkil “sarı jiletlər” aksiyası zamanı saxlanılanların hüquqlarının pozulmasına, onların vəkilsiz dindirilməsinə etirazlarını bildirirlər.