Fransalı tibb mütəxəssisi Azərbaycan Tibb Universitetinə xüsusi təkliflərlə gəlib
Bakı, 14 iyul, AZƏRTAC
Fransanın "Opere Singulari" şirkətinin prezidenti Rime Barbara Sarrah Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasında olub.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə qonaq klinikanın treninq mərkəzi, simulyasiya və əməliyyat otaqları ilə tanış olub. Fransalı tibb mütəxəssisinə ATU haqqında geniş məlumat verilib. Qeyd edilib ki, hazırda bu ali təhsil ocağında 160-dan çox professor, 320 dosent və 800-ə yaxın elmlər namizədi çalışır.
Görüş zamanı Tədris-Cərrahiyyə Klinikasının baş həkimi Asiman Həsənov qarşılıqlı əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını bildirib.
Rime Barbara Sarrah isə Azərbaycanla Fransa arasında bir çox istiqamətdə sıx əlaqələrin olduğunu diqqətə çatdıraraq deyib: "Lakin bəzi sahələrdə əməkdaşlıqda boşluqlar var, xüsusən də tibb və cərrahiyyə sahəsində. Düşünürük ki, bu sahələr üzrə ölkənizlə əməkdaşlıq edə bilərik." O, Azərbaycanda klinika açmaq istəyində olduğunu da bildirib.
Daha sonra Rime Barbara Sarrah klinikanın əməkdaşları, o cümlədən şöbə müdirləri və rezidentlərin iştirakı ilə keçirilən konfransa qatılıb və rəhbərlik etdiyi şirkət haqqında məruzə ilə çıxış edib.
Qonaq, həmçinin ATU-ya xüsusi təkliflərlə gəldiyini də vurğulayıb: “Bizim Fransadan tibbi avadanlıqların bura gətirilməsi, mütəxəssislərimiz tərəfindən Bakıda mühazirələr aparılması, Azərbaycandakı mütəxəssis və rezidentlərin Fransaya göndərilməsi kimi planlarımız var.”
Fransalı mütəxəssis konfrans iştirakçılarının suallarını da cavablandırıb.