Fransanın milli bayramı şərəfinə
Bakı, 14 iyul (AZƏRTAC, Ülviyyə Məmmədli). İyulun 14-də Fransanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Bastiliyanın alınması günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.
AZƏRTAC xəbər verir ki, qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Azərbaycanın və Fransanın dövlət himnləri səslənmişdir.
Fransanın Azərbaycandakı səfiri Paskal Mönye ölkəsinin keçdiyi inkişaf yolundan danışmış, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulamışdır.
Azərbaycanın dinamik inkişaf etdiyini vurğulayan səfir ölkələrimiz arasında siyasi, iqtisadi münasibətlərin, habelə elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini bildirmişdir.
P.Mönye ölkələrimiz arasında ticari əlaqələrə də toxunmuş, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd etmişdir. Diplomat dost ölkələr olan Azərbaycan və Fransa arasında getdikcə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək demişdir ki, qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər və danışıqlar ikitərəfli münasibətlərin inkişafına əlverişli zəmin yaradır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova əlamətdar gün münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini, fransız xalqına sülh, əmin-amanlıq və firavanlıq arzularını çatdırmışdır. Bildirmişdir ki, Azərbaycan ilə Fransa arasında əlaqələrin dərin tarixi kökləri vardır.
Komitə sədri iki ölkə arasında diplomatik münasibətlərin yaranması tarixinə toxunmuş, ötən dövr ərzində əlaqələrimizin inkişafı üçün geniş hüquqi baza yaradıldığını demişdir. Bildirilmişdir ki, Fransa Azərbaycanın mühüm tərəfdaşlarından biridir. H.Hüseynova ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini söyləmişdir. O vurğulamışdır ki, dövlət başçılarının qarşılıqlı səfərləri əlaqələrimizin daha da inkişaf etməsinə öz töhfəsini vermişdir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan-Fransa əlaqələrinin inkişafındakı böyük xidmətlərini diqqətə çatdıran komitə sədri bildirmişdir ki, Fondun dəstəyi ilə Fransada kilsə və mədəniyyət abidələrinin bərpası, həmçinin Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılması, Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi buna əyani sübutdur.
Vurğulanmışdır ki, ölkələrimiz arasında təhsil sahəsində də uğurlu əməkdaşlıq həyata keçirilir. Yüzlərlə azərbaycanlı gənc Fransa ali məktəblərində təhsil alır və bu proses davam edir. Eyni zamanda, Bakıda Fransız liseyinin açılması da bu əməkdaşlığın önəmli göstəricilərindəndir.