Fransız yazıçı: Azərbaycan qadınları cəmiyyətdə fəal mövqeləri ilə seçilirlər
Bakı, 30 may, AZƏRTAC
Mən həyatımı səyahət etməklə keçirirəm. Daha çox müsəlman ölkələrində səfərdə oluram, müsəlman ənənələri ilə yaxından tanışam. Azərbaycan müsəlman aləmində xüsusi yeri olan ölkədir. Azərbaycan qadınları ilə bağlı çap etdirmək istədiyim kitabımda məqsədim Fransa ictimaiyyətini onlar barədə məlumatlandırmaqdır. Təqdirəlayiq haldır ki, hələ bir əsr bundan əvvəl Azərbaycan qadınları ictimai-siyasi, mədəni həyatda əhəmiyyətli rol oynayırdılar.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr edilmiş Qadınların V Forumunda iştirak edən fransız yazıçı Jan Lui Quro deyib.
Fransız yazıçı bildirib ki, Azərbaycan qadını hər dövrdə cəmiyyətdə fəal mövqeyi ilə seçilib. “Mən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətinin şahidi olmuşam. Bu gün bu Forumda da Azərbaycan qadınlarının ictimai-siyasi, mədəni həyatda fəallıqları ilə bağlı çox şeylər öyrəndim. Bütün bunları Fransa ictimaiyyətinə çatdıracağam”, - deyə o əlavə edib.