İDMAN
Futbol üzrə 19 yaşadək qızlar arasında Avropa çempionatının püşkatma mərasimi keçiriləcəkdir
Bakı, 14 noyabr (AZƏRTAC). Noyabrın 20-də futbol üzrə 19 yaşadək qızlar arasında Avropa çempionatının püşkatma mərasimi keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq tədbir ərəfəsində “Avro-2015”-in iştirakçıları səbətlərə bölünmüşlər.
Final mərhələsi İsraildə keçiriləcək yarışa vəsiqələr uğrunda 47 yığma mübarizə aparacaqdır. Onlardan üçü - Almaniya, İngiltərə və Fransa seçmə mərhələdən azaddır. Onlar elit-raunddan yarışa qatılacaqlar.
Seçmə mərhələnin 44 iştirakçısı isə 11 qrupa bölünəcəkdir. Onlar indidən 4 səbətə paylanmışlar. Bu komandalar arasında olan Azərbaycan millisi ən zəiflərin qərarlaşdığı D səbətindədir. Bu səbətdə Azərbaycan, Litva, Bolqarıstan, Belarus, Estoniya, Qazaxıstan, Latviya, Gürcüstan, Albaniya, Malta və Monteneqro milli komandaları yer almışlar. Bu isə millimizin baş məşqçisi Patrisiya Qonzalesin yetirmələrinin güclü rəqiblərlə eyni qrupa düşməsi deməkdir.
Qeyd edək ki, Avro-2015-in seçmə mərhələsinin oyunları 2014-cü il sentyabrın 13-18-də keçiriləcəkdir.