REGİONLAR
Füzuli: aksiyanın ilk dörd günündə 693 nəfər kütləvi tibbi müayinədən yararlanıb
Füzuli, 16 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, fevralın 12-dən etibarən ölkəmizdə keçirilən əhalinin tibbi dispanserizasiyasına Füzuli rayonunun 55 min 365 nəfər sakini cəlb olunacaq. Artıq aksiyanın başlandığı dörd gündə 693 nəfər tibbi müayinədən yararlanıb.
Füzuli Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, əhalinin tibbi müayinəsi rayon mərkəzi xəstəxanasında, Horadiz şəhər, Əhmədbəyli kənd, Qayıdış qəsəbə xəstəxanalarında və Füzuli Tibb Mərkəzində aparılır. Bundan başqa, rayonun kəndlərində də əhalinin tibbi müayinəsini həyata keçirmək üçün yüksəkixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları yaradılıb. Bu günədək tibbi müayinədən keçən vətəndaşlardan 160 nəfəri ambulator müalicəyə cəlb edilib.
Ölkəmizdə hər il keçirilən əhalinin kütləvi müayinəsi cəbhə bölgəsinin sakinləri tərəfindən razılıqla qarşılanır.