Füzuli rayonunda tədbir: “Keçən günlər müqəddəs bir xatirədir”
Füzuli, 3 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər davam etməkdədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Horadiz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində növbəti tədbir keçirilib. Füzuli Rayon İcra Hakimiyyətinin və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə reallaşan “Keçən günlər müqəddəs bir xatirədir” adlı tədbirdə məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə, həmçinin Füzuli rayonundan olan Vətən müharibəsi şəhidlərinin fotoları nümayiş olunub.
Sonra Hərbi Qənimətlər Parkından görüntülər izlənib, 59 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı “Zəfər bizimdir” adlı kompozisiya təqdim edilib.
Tədbirdə çıxış edənlər şanlı Zəfər tariximizdən, xalq-ordu-dövlət birliyindən söz açıblar.