Füzuli şəhərində Özbəkistan Mədəniyyəti Günlərinin bağlanış konserti keçirilib VİDEO
Füzuli, 18 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Dekabrın 18-də Füzuli şəhərində Özbəkistan Mədəniyyəti Günlərinin bağlanış mərasiminə həsr olunan geniş konsert proqramı təqdim edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsert Özbəkistan Respublikasının hədiyyəsi olaraq 2023-cü ildə inşa edilən Mirzə Uluqbəy adına Füzuli şəhər 1 nömrəli tam orta məktəbdə təşkil olunub.
Əvvəlcə qonaqlar məktəblə tanış olublar. Məlumat verilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin birlikdə açılışını etdikləri 960 şagird yerlik təhsil ocağında tədrisin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb.
Sonra məktəbin zalında özbək incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı başlanıb.
Konserti Özbəkistan mədəniyyət nazirinin birinci müavini Bahadur Əhmədov, Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov və Füzuli şəhər sakinləri izləyiblər.
“Navruz” Milli Rəqs Ansamblı, Yunus Rəcəbi adına “Maqom” ansamblı, eləcə də tanınmış müğənnilər rəngarəng musiqi və rəqs nömrələri təqdim ediblər. Özbəkistanın Əməkdar artisti Mohiçehra Şomurodovanın ifasında səslənən “Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısı alqışlarla qarşılanıb. Həmçinin dahi özbək şairi Əlişir Nəvainin “Xəmsə”sindən “Fərhad və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İskəndərnamə” əsərlərindən ilhamlanaraq hazırlanan musiqili-xoreoqrafik kompozisiyalar tamaşaçıların könlünü oxşayıb.
16:39
Azərbaycanda keçirilən Özbəkistan Mədəniyyət Günlərinə dekabrın 18-də Füzuli şəhər Mirzə Uluqbəy adına məktəbdə yekun vurulacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Özbəkistan Mədəniyyəti Günləri ilə bağlı qardaş ölkənin Mədəniyyət Nazirliyinin rəhbər heyəti, tanınmış incəsənət nümayəndələri və aparıcı bədii kollektivləri Füzuli şəhərinə gəlib.
Qonaqlar bu gün səhər saatlarında Şuşa şəhərinə səfər edib, tarixi məkanlarla həmçinin şəhərdə aparılan tikinti quruculuq işləri ilə tanış olublar. Daha sonra isə Füzuli şəhərinə gəliblər və Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi başlayıb.
Mədəniyyət Günlərinin keçirilməsində məqsəd Özbəkistanla Azərbaycan arasında dostluq əlaqələrini daha da möhkəmləndirmək, humanitar əməkdaşlığı inkişaf etdirmək və iki ölkə arasında mədəni dialoqu genişləndirməkdir.
Qeyd edək ki, daha əvvəl 2023-cü ildə Bakıda Özbəkistan Mədəniyyəti Günləri, 2024-cü ildə isə Daşkənddə Azərbaycan Mədəniyyəti Günləri keçirilib.