Füzulidə qanvermə aksiyası: “Qan verək, həyat xilas edək”
Füzuli, 12 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Füzulidə qanvermə aksiyası keçirilib. Könüllü olaraq donorluq etmək üçün 300-ə yaxın sakin müraciət edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Qan verək, həyat xilas edək” adlı qanvermə aksiyası Füzuli Müalicə Diaqnostika Mərkəzində gerçəkləşib. Aksiya Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibbi briqadanın nəzarəti altında keçirilib. Müxtəlif xəstəliklərdən əziyyət çəkən şəxslər üçün keçirilən aksiyada idarə, müəssisə və təşkilat əməkdaşları, tibb işçiləri və könüllülər iştirak ediblər.
Donorlar üçün xəstəxanada bütün zəruri şərait yaradılıb. Əvvəlcə donorların qan qrupları yoxlanılıb və müayinədən keçiblər. Qan azlığı və digər xəstəliklərdən əziyyət çəkən xəstələr üçün təşkil olunan aksiyada 193 nəfərdən qan götürülüb.