Füzulidə şagirdlər erkən nikahların törədə biləcəyi fəsadlar barədə maarifləndiriliblər
Füzuli, 23 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli Rayon İcra Hakimiyyətinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Füzuli nümayəndəliyinin birgə təşəbbüsü ilə “Erkən nikahların və qohum nikahların törədə biləcəyi fəsadlar” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları Vüsal Ədilzadə, Nigar Qasımova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Füzuli nümayəndəliyinin əməkdaşları Arzu Mirzəliyeva, Seyfəddin Maqsudov, Horadiz şəhər 2 nömrəli və 3 nömrəli tam orta məktəblərin yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxış edənlər dövlət tərəfindən aparılan uğurlu uşaq və gənclər siyasətindən söz açıb, uşaq hüquqlarının qanunvericilikdə təsbit olunması haqqında ətraflı məlumat veriblər.
Həmçinin erkən nikahların və qohum nikahlarının mənfi nəticələrindən bəhs edilib və iştirakçılara hər iki halın törədə biləcəyi fəsadlar barədə məlumat verilib. Erkən və qohum nikahlarının yarada biləcəyi hüquqi məsuliyyətlər, tibbi fəsadlar və psixoloji travmalar haqqında ətraflı müzakirələr aparılıb.