GDU-da yeni alınan 760 nüsxədən ibarət kitab tələbələrə təqdim olunub
Gəncə, 5 noyabr, Elcan Məmmədov. AZƏRTAC
Gəncə Dövlət Universitetinin (GDU) Kitabxana fondunun zənginləşdirilməsi məqsədilə yeni alınan 760 nüsxədən ibarət dərslik və dərs vəsaitinin təqdimatı keçirilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Kitabxana və İnformasiya Mərkəzinin müdiri Ayşən Əhmədova çıxış edərək bildirib ki, Gəncə Dövlət Universitetinin Elmi kitabxanası respublikanın zəngin kitabxanalarından biridir. Son illər ərzində universitet rəhbərliyinin dəstəyi ilə kitabxana fondu xeyli zənginləşdirilib, müasir texnologiya avadanlıqları ilə təmin olunub.
Ayşən Əhmədova tələbələrə yeni dərsliklər və dərs vəsaitləri haqqında məlumat verib. Qeyd edib ki, bu nəşrlər kafedralarla kitabxananın birgə əməkdaşlığı nəticəsində seçilərək, kitabxanada olmayan və ya nüsxəsi çatışmayan, son beş ildə nəşr olunmuş ədəbiyyatlardan ibarətdir.
Sonra tələbələr təqdim olunan nəşrlərlə tanış olublar.