Gədəbəy rayonunda dezinfeksiya işləri davam etdirilir
Gədəbəy, 16 avqust, Elcan Məmmədov, AZƏRTAC
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Gədəbəy rayonunda həyata keçirilən tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gədəbəy Rayon İcra hakimiyyətinin nəzarəti ilə aidiyyəti qurumlar tərəfindən səhər saatlarından şəhərin əsas küçə və prospektlərində, əhalinin sıx toplaşdığı ərazilərdə kommunal təsərrüfat xidmətlərinin texnikası və əməkdaşları tərəfindən xüsusi dərmanlarla dezinfeksiya tədbirləri həyata keçirilib. Gün ərzində dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, meydanlarda, ticarət obyektlərinin qarşısında tibbi-profilaktik işlər aparılıb.
Əhali ilə maarifləndirici söhbətlər aparılaraq, onların mütləq şəkildə peyvənd olunmaları tövsiyə edilib. Bildirilib ki, geniş vaksinasiya prosesinin aparılmasında və dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır.
Rayon ərazisində yoluxmanın qarşısının alınması məqsədilə gündəlik olaraq səyyar həkim briqadaları əhalinin peyvənd olunması üçün ucqar kəndlərə səfərlər edirlər.