Gələn il Qəbələ və Salyanda torpaqların konsolidasiyası üzrə pilot layihələrə başlanılacaq - EKSKLÜZİV
Bakı, 3 avqust, AZƏRTAC
Qəbələ və Salyan rayonlarında həyata keçirilməsi nəzərdə tutulan torpaqların konsolidasiyası üzrə pilot layihələrin icrası 2027-2030-cu illəri əhatə edəcək.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Nazirliyin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev vurğulayıb ki, 2027-ci ilədək müəyyən layihələndirmə, konsolidasiyaya dair ilkin təhlillərin aparılması işləri həyata keçiriləcək. Onun sözlərinə görə, bununla bağlı işlərə artıq başlanılıb.
“Müvafiq qaydada qanun qəbul olunduqdan sonra prosedur üzrə işlərin icrasına da başlanılacaq. Eyni zamanda, layihənin icrası Dünya Bankının kredit layihəsi çərçivəsində həyata keçiriləcək. Qəbələ və Salyan rayonlarının hər birində 10 min hektar ərazinin əhatə edilməsi nəzərdə tutulur”, - deyə Firidin Tağıyev qeyd edib.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda torpaqların konsolidasiyası mexanizminin yaradılması və pilot layihə olaraq tətbiq edilməsi üzrə tədbirin icrası çərçivəsində Dünya Bankı ilə birgə Qəbələ və Salyan rayonlarında torpaqların konsolidasiyası üzrə iki pilot layihənin həyata keçirilməsi nəzərdə tutulub. İlkin təhlillər nəticəsində seçilmiş ərazilərin Azərbaycanda ilk dəfə həyata keçiriləcək torpaq konsolidasiyası layihələrinin icrası üçün əlverişli olduğu müəyyənləşdirilib və Türkiyə təcrübəsi əsasında ilkin yol xəritəsi hazırlanıb.
Müxbir – Vüsalə Səfərova