Gəmiçiliyin 20 əməkdaşı “Columbia Shipmanagement Ltd”nin gəmilərində təcrübə keçəcək
Bakı, 22 may, AZƏRTAC
İl ərzində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (AXDG) 20 əməkdaşı “Columbia Shipmanagement Ltd”nin gəmilərində təcrübə keçəcək.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, QSC-də yüksək ixtisaslı gənc mütəxəssislərin hazırlanması, işçilərin təlimləndirilməsi, onların dənizçilik sahəsində beynəlxalq təcrübəyə dərindən yiyələnməsi istiqamətində ardıcıl addımlar atılır. Bu məqsədlə dünyanın müxtəlif aparıcı gəmiçilik şirkətləri və universitetləri ilə əməkdaşlıq edilir.
AXDG-nin əməkdaşlıq etdiyi nüfuzlu beynəlxalq gəmiçilik şirkətlərindən biri də “Columbia Shipmanagement Ltd”dir. Sözügedən şirkətlə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC arasında imzalanan memoranduma əsasən, il ərzində gəmiçiliyin 20 əməkdaşının “Columbia Shipmanagement Ltd”nin gəmilərində təcrübə keçməsi nəzərdə tutulub. Burda onlar müxtəlif ölkələrin nümayəndələrindən ibarət heyətlə işləyəcəklər, daha böyük gəmilərin iş prinsipi ilə yaxından tanış olacaqlar, dünyanın böyük limanlarına getmək imkanı qazanacaqlar.
Artıq layihədə altı əməkdaşın iştirakı təsdiqlənib. Onlardan ikisi - Orxan Həsənov və Tural Əliyev aprelin 24-28-də “Columbia Shipmanagement Ltd”nin Batumidə təşkil etdiyi təlimi uğurla başa vurublar. Gənc kadrlar növbəti mərhələdə “Cape Tallin” (yükgötürmə qabiliyyəti - 42010, dedveyti - 73711 ton) və “Cape Dawson” (yükgötürmə qabiliyyəti - 8278 ton, dedveyti - 12789 ton) gəmilərində təcrübəyə yollanacaqlar. Digər dörd nəfərin iştirakı ilə bağlı isə hazırda sənədləşmə işləri aparılır.
Layihə çərçivəsində gənclərin seçim prosesi xüsusi meyarlar əsasında “AXDG” QSC-nin və “Columbia Shipmanagement Ltd”nin nümayəndəsi tərəfindən aparılıb. Bu zaman iştirakçıların peşəkarlığı, işləmə prinsipi, xarici dil bilikləri və sair əsas götürülüb. Donanmalarını daim yeniləyən gəmiçilik gələcəkdə bu kadrların əldə etdiyi təcrübədən bəhrələnmək niyyətindədir.
“Columbia Shipmanagement Ltd” 30 ildən artıq dənizdə insan həyatının mühafizəsi və müxtəlif təyinatlı gəmilərinin təhlükəsiz daşıma əməliyyatları, həmçinin gəmi heyətinin idarəedilməsi sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. Dünyanın bir çox ölkəsində nümayəndəlikləri olan “Columbia Shipmanagement Ltd” idarəçiliyində hazırda 1500-dən çox gəmi mövcuddur. Onlardan 500-ü şirkətin özünə, digərləri isə müxtəlif ölkələrin şirkətlərinə məxsusdur.