“Gənc hüquq müdafiəçiləri” müsabiqəsinə start verilib
Bakı, 3 oktyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Gənc hüquq müdafiəçiləri” müsabiqəsinə start verilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqə gənc nəslin qanuna hörmət ruhunda formalaşdırılması, vətəndaş cəmiyyətinin əsaslarının möhkəmləndirilməsinə, hüquqi savadlılığın artmasına töhfə verilməsi məqsədilə keçirilir.
BŞTİ ilə Avropa Hüquqşünas Tələbələr Assosiasiyası - Bakı İctimai Birliyi (“ELSA Azərbaycan”) və “Femida Könüllüləri” Təşkilatının birgə əməkdaşlığı çərçivəsində keçirilən müsabiqədə idarənin tabeliyindəki məktəblərin X-XI sinif şagirdləri iştirak edir.
2023-cü ildən təşkil olunan müsabiqə 4 mərhələdən ibarətdir. İlkin seçimlər nəticəsində 2 şagird və 1 tələbə mentordan ibarət komanda yaradılır. Daha sonra şagirdlərdə təməl hüquqi biliklərin formalaşdırılması, eləcə də onların müsabiqəyə hazırlığının təmin olunması məqsədilə peşəkar hüquqşünaslar tərəfindən təlimlər keçiriləcək.
Təlimlərdən sonra müsabiqənin dörddəbir mərhələsində 8 komanda biliklərini nümayiş etdirəcək. Bu mərhələdə qalib olan 4 komanda müsabiqənin ikidəbir mərhələsində iştirak etmək hüququ qazanacaq. Bu komandalardan 2-si finala vəsiqə qazanacaq. Finala çıxan komandaların səhnələşdirilmiş məhkəmə prosesi izləniləcək, onların ittihamçı və müdafiəçi kimi çıxışları dinləniləcək. Komandaların çıxışları münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmə 10 ballıq sistemlə həyata keçiriləcək.
Sonda qalib komandalar, həmçinin müxtəlif nominasiyalar üzrə fərqlənən şagirdlər diplom və hədiyyələrlə təltif olunacaqlar.