İDMAN
Gənc karateçilərimiz İspaniyadan iki medalla qayıtmışlar
![Gənc karateçilərimiz İspaniyadan iki medalla qayıtmışlar](/files/2013/3/1200x630/14071451203226746756_1200x630.jpg)
Bakı, 11 noyabr (AZƏRTAC). Yeniyetmə və gənclərdən ibarət karate üzrə Azərbaycan seçmə komandası İspaniyanın Quadalahara şəhərində keçirilən Vlll dünya çempionatından 2 medalla qayıtmışlar.
AZƏRTAC xəbər verir ki, yarışın son günü Fəridə Əliyeva (+54 kq) 15 yaşadək qızlar arasında bürünc medala sahib olmuşdur.
Mübarizəyə 1/16 finaldan başlayan F.Əliyeva portuqaliyalı rəqibinə 3:0 hesabı ilə qalib gəlsə də, növbəti döyüşdə almaniyalı idmançıya 2:4 hesabı ilə məğlub olmuşdur. Bürünc medal döyüşlərinə qatılan karateçimiz bu şansı əldən vermədən əvvəlcə ispaniyalı idmançını 6:1, ardınca iranlı rəqibini 8:0, həlledici döyüşdə isə Yaponiya təmsilçisini 4:2 hesabı ilə məğlub edərək yeniyetmələr arasında üçüncü yeri tutmuşdur.
Xatırladaq ki, yarışın ilk günü 21 yaşadək gənclər arasında Tural Ağalarzadə (-68 kq) gümüş medal qazanmışdır. 2011-ci ildə Malayziyanın Maleka şəhərində 7-ci mundialda isə Ayxan Mamayev (-78 kq) qızıl medal qazanmışdır. İspaniyada 1 gümüş və 1 bürünc medal qazanan Azərbaycan seçmə komandası 18-ci yeri tutmuşdur. Dünya çempionatında 100 ölkədən 1295 idmançı iştirak etmişdir.