Gənc Tamaşaçılar Teatrı yeni mövsümə başlayıb
Bakı, 4 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 2023-2024-cü il üzrə yeni teatr mövsümünün açılışı ilə əlaqədar kollektivlə görüş və ümumi iclas təşkil olunub.
AZƏRTAC xəbər verir ki, teatrın direktoru Naidə İsmayılzadə kollektivi salamlayaraq, onlara ürək sözlərini bildirib. Eyni zamanda növbəti mövsümdə yaradıcı heyətlə görüləcək işlər barədə danışıb, onlara uğurlar arzulayıb.
Sonra teatrın aktrisası, Xalq artisti Naibə Allahverdiyevaya 60 illik yubileyi münasibətilə teatrın fəxri diplomu təqdim olunub.
Bundan başqa teatrın bir qrup yaradıcı heyəti və texniki işçiləri Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Adil Atakişiyev tərəfindən fəxri fərmanla təltif olunublar.