Gəncə səhiyyəsi gücləndirilmiş iş rejiminə keçib
Gəncə, 31 yanvar, Rauf Hacıyev, AZƏRTAC
Qlobal təhlükə yaradan yoluxucu xəstəliyin - koronavirusun yayılması ilə əlaqədar Səhiyyə nazirinin imzaladığı əmrə əsasən Gəncə səhiyyəsi də gücləndirilmiş iş rejiminə keçib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə Şəhər Yolxucu Xəstəliklər Xəstəxanasında bu məqsədlə 2 xüsusi palata yaradılıb və lazımi dərman preparatları ilə təmin olunub.
Gəncə Şəhər Yolxucu Xəstəliklər Xəstəxanasının şöbə müdiri Şirin Əhmədova bildirib ki, tibb işçiləri xüsusi geyimlə təmin olunub. Əgər belə xəstəlik halı müşahidə olunarsa, xəstəxana xəstələri qəbul etməyə hazırdır.
Şirin Əhmədova insanlara müraciət edərək deyib ki, birinci gün hərarət qalxarsa və tempuratur daim yüksək qalarsa, eyni zamanda, xəstədə ümumi halsızlıq, asqırma, öskürmə halları müşahidə olunursa təcili həkimə müraciət etmək lazımdır.
Qeyd edək ki, Çindən yayılmağa başlayan koronavirusa bu ölkədə 7711 nəfər yoluxub, 12167 nəfərdə isə şübhəli hal qeydə alınıb. Bunlardan 1370-nin ağır dərəcəli olduğu, 170-nin ölüm halları ilə nəticələndiyi bildirilib. 124 nəfər xəstəlikdən müalicə olunaraq evə buraxılıb. Dünya Səhiyyə Təşkilatının katibliyi digər ölkələrdəki vəziyyətə dair ümumi məlumat verib. Artıq 18 ölkədə 82 yoluxma halı baş verib.