Gəncədə Gənclər Günü təntənəli şəkildə qeyd olunub
Gəncə, 2 fevral, Rauf Hacıyev, AZƏRTAC
Gəncədə 2 Fevral - Gənclər Gününə həsr olunan tədbir təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Mərkəzində baş tutan tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşıb.
Toplantıda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər ziyalıları, təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində çalışan fəal gənclər və tələbələr iştirak ediblər.
Tədbirdən əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə gəncləri təbrik edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ölkədə həyata keçirilən gənclər siyasətindən söz açıb. Bildirib ki, bu əlamətdar tarixi gün Ümummilli Liderimizin adı ilə bağlıdır. Məhz ulu öndər Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin zəruri qanunverici bazasının formalaşmasını təmin edib. Ümummilli Liderin formalaşdırdığı gənclər siyasəti bu gün də öz töhfəsini verməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin fərdi inkişafına təkan verən dövlət proqramları qəbul edilir. Bunun nəticəsidir ki, Azərbaycan gəncləri sosial həyatın bütün sahələrində təmsil olunur və özlərini doğruldurlar. Ölkədə aparılan islahatlar innovativ düşüncəyə malik, savadlı gənclərin yetişməsini tələb edir. Bu baxımdan gənclərdə sosial məsuliyyət hissini, onların fəallığını artırmaq, gəncliyin potensialından səmərəli istifadə etmək məqsədilə bir sıra addımlar atılır. Bunlardan biri də Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu ilin “Könüllülər ili” elan edilməsidir. Könüllü fəaliyyətin təşviqi Gənclər Fondunun da əsas prioritet istiqamətlərindən biridir.
Sonra Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Vüsal Mirzəyev hesabat məruzəsi ilə çıxış edərək, 2019-cu ildə gənclərlə iş və idman sahəsində həyata keçirilən layihələrdən söz açıb, əldə olunan uğurlardan danışıb.
Daha sonra söz gənclərə verilib. Çıxışlarda Gənclər Gününün yaranma tarixinə nəzər salınıb, gənclər siyasətinin Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri olduğu vurğulanıb.
Tədbirdə bir qrup gənc Gəncə şəhərinin ictimai həyatında fəal iştirakına və gənclərlə iş sahəsində səmərəli fəaliyyətinə görə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif olunub.