REGİONLAR
Gəncədə kitabxana fondlarının rəqəmsallaşdırılmasının inkişafı məqsədilə icra olunan layihənin yekun konfransı keçirilib
![](/files/galleryphoto/2022/3/1200x630/1669355980118257056_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/3/1200x630/1669355980212127500_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/3/1200x630/1669355980148901993_1200x630.jpeg)
Gəncə, 25 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə şəhərində “İnformasiya cəmiyyətinin formalaşdığı müasir dövrdə, vətəndaşların elektron kitabxana resursları ilə təmin olunması fəaliyyətinin inkişaf etdirilməsi” layihəsinin yekun konfransı keçirilib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Gəncə Avratlantik Məlumat Mərkəzi tərəfindən icra olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən layihə rəhbəri, Gəncə Avratlantik Məlumat Mərkəzi İdarə heyətinin sədri Mehman Xəlilov iştirakçılara layihənin məqsədi və konfransın proqramı haqqında məlumat verib.
O, həyata keçirilən layihə çərçivəsində Gəncə, Samux və Kəlbəcər rayonlarının Mərkəzləşdirilmiş Kitabxana sistemlərinin 18 əməkdaşının elektron kitabxana resurslarının yaradılması və idarə edilməsi, nəşrlərin rəqəmsallaşdırılması, milli və beynəlxalq elektron kitabxana resurslarından istifadə üçün kitabxana istifadəçilərinə məsləhətlərin verilməsi sahəsində bilik və bacarıqlarının artırıldığını diqqətə çatdırıb.
Sonra Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana sistemlərinin direktoru vəzifəsini müvəqqəti icra edən Gülünaz İsgəndərova çıxış edərək, həyata keçirilən bu layihənin uğurlu nəticələrini vurğulayıb, eyni zamanda, layihə nəticəsində hədəf kitabxanalarda biblioqrafik yazıların və elektron nəşrlərin sayının əhəmiyyətli dərəcədə artması və kitabxana istifadəçilərinin elektron kitabxana resursları ilə təmin edilməsi sahəsində yeni imkanların yaradılması barədə konfrans iştirakçılarını məlumatlandırıb.
Layihə çərçivəsində keçirilən təlimlərin iştirakçıları Azərbaycan Milli Kitabxanasından və UNEC Kitabxana İnformasiya Sistemindən dəvət olunan təlimçi-ekspertlər tərəfindən nümayiş etdirilən təqdimatlar nəticəsində əldə edilən yeni bilik və bacarıqların kitabxana istifadəçilərinə göstərilən xidmət səviyyəsinin yüksəldilməsinə zəmin yaratdığını vurğulayıblar.
Sonra layihə rəhbəri tərəfindən kitabxana istifadəçilərinin elektron informasiya və bilik resursları ilə təmin edilməsi məqsədi daşıyan bu layihənin icra edilməsinə göstərilən təşkilati dəstəyə görə Gəncə Regional Mədəniyyət İdarəsinin rəhbərliyinə minnətdarlıq bildirilib.
Gəncə, Samux və Kəlbəcər rayonlarının Mərkəzləşdirilmiş Kitabxana sistemlərinin, müvafiq hökumət strukturunun, vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələrinin iştirakı ilə keçirilən konfransda layihənin icrası nəticəsində əldə olunan uğurlu nəticələr barəsində layihə rəhbəri tərəfindən ətraflı məlumat verilib.