CƏMİYYƏT
Gəncədə qabaqcıl səhiyyə işçiləri mükafatlandırılmışlar
Gəncə, 17 iyun (AZƏRTAC, Sabir Əliyev). Gəncədə 17 iyun - səhiyyə işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilmişdir.
Bayram tədbirinin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər.
AZƏRTAC xəbər verir ki, şəhər icra hakimiyyətinin böyük iclas salonunda keçirilən tədbirdə şəhər səhiyyə idarəsinin rəisi Mehman Rzayev məruzə ilə çıxış edərək son illər Azərbaycanda, o cümlədən Gəncə səhiyyəsində qazanılan uğurlardan danışmışdır. Qeyd edilmişdir ki, ölkəmizdə yeni tibb ocaqlarının yaradılması və yenidən qurulması, müasir tibbi texnologiyaların tətbiqi əhaliyə səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsinə böyük imkanlar yaratmışdır. Səhiyyə ocaqlarının maddi-texniki bazası möhkəmləndirilmiş, müasir tibbi avadanlıqların alınması nəticəsində xidmətin keyfiyyəti xeyli yüksəlmişdir. Bölgədə ən böyük tibb ocaqları olan Abbas Səhhət adına və infeksion xəstəxanalarında, 6 nömrəli poliklinikada əsaslı təmir işləri aparılaraq yenidən qurulmuşdur. Bundan əlavə, region üçün böyük əhəmiyyəti olan perinatal və rayonlararası hemodializ mərkəzlərinin, eləcə də onkoloji xəstəxanada şüa müalicə bölməsinin, kompyuter tomoqraf simulyator aparatının istifadəyə verilməsi səhiyyə və sağlamlıq göstəricilərinin yaxşılaşmasına zəmin yaratmışdır.
Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev əlamətdar gün münasibətilə səhiyyə işçilərini təbrik etmiş, bəzi tibb ocaqlarının əsaslı və cari təmiri, həmçinin lazımi tibbi avadanlıqlarla təminatı barədə tapşırıq vermişdir.
Sonda işdə fərqlənən bir qrup tibb işçisinə fəxri fərman, təşəkkürnamə və qiymətli hədiyyələr təqdim olunmuşdur.