Gəncədə taekvondo üzrə şəhər birinciliyi keçirilib
Gəncə, 16 avqust, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə taekvondo üzrə şəhər birinciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarış Gəncə Olimpiya İdman Kompleksində təşkil olunub. Dövlət himni səsləndikdən sonra 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin İdman sektorunun müdiri Vüqar Xəlilov, taekvondo idman növü üzrə Gəncə şəhər komandasının baş məşqçisi Vüqar Məmmədov və Əməkdar məşqçi Şahmar Nağıyev çıxış edərək, yarışda iştirak edən idmançılara uğurlar arzulayıblar. Bildirilib ki, taekvondo idman növünün Gəncədə inkişafı üçün belə yarışların mütəmadi olaraq keçirilməsi vacibdir.
Sonra yarışlara start verilib. Qalib idmançılar Baş İdarə tərəfindən diplom və medallarla təltif olunublar.