Gənclər Günü münasibətilə Naftalan gəncləri mükafatlandırılıblar
Naftalan, 3 fevral, Rauf Hacıyev, AZƏRTAC
Naftalan Şəhər İcra Hakimiyyəti, YAP Naftalan Şəhər Təşkilatı və şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2 fevral-Gənclər Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, aparatın əməkdaşları, ziyalılar, təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində çalışan fəal gənclər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotostendlərə baxış keçiriblər.
Tədbir dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib.
Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı çıxış edərək əlamətdar gün münasibətilə gəncləri təbrik edib, Azərbaycanın çiçəklənməsi naminə uğurlar arzulayıb. Qeyd edilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
Şəhər rəhbəri Azərbaycan gəncliyinin bütün sahələrdə aktiv fəaliyyəti ilə seçildiyini və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində gənclərin mühüm rol oynamasını diqqətə çatdırıb.
Tədbirdə Naftalan şəhər Gənclər və İdman İdarəsinin rəis əvəzi Elman Şərəfxanov və YAP Naftalan şəhər təşkilatı Gənclər Birliyinin sədri Ayxan Əsgərov çıxış edərək gənclər gününün yaranma tarixi və gənclər siyasətinin həyata keçirilməsinin uğurlarından danışıblar.
Sonra Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən idman yarışlarında uğur qazanmış yeniyetmələr diplom və hədiyyələrlə mükafatlandırılıb. Həmçinin, YAP Naftalan şəhər təşkilatı tərəfindən Gənclər Birliyinin fəaliyyətində aktiv iştirakına görə bir qrup gəncə diplom və hədiyyələr təqdim edilib.