Gənclər inkişafın hərəkətverici qüvvəsidir
Tərtər, 31 yanvar, AZƏRTAC
Gənclər tarixin bütün dövrlərində inkişafın hərəkətverici qüvvəsi olub. Onların gücündən səmərəli istifadə olunanda ölkə tərəqqi edir, insanların həyata baxışı təzələnir, dövlət idarəçiliyinin, iqtisadiyyatın, mədəniyyətin inkişafına rəvac verən mühüm işlər görülür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayon Heydər Əliyev Mərkəzində 2 fevral - Gənclər Günü münasibətilə keçirilən "Gənclərlə əl-ələ" adlı tədbirdə səsləndirilib.
Gənc təhsil, mədəniyyət işçilərinin və Mərkəz könüllülərinin iştirak etdiyi tədbirdə Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayon üzrə nümayəndəsi Ceyhun İsmayılzadə çıxış edərək, ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətindən, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açıb. Bildirib ki, dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan gəncləri dövlətçiliyə bağlı, milli düşüncəyə malik intellektual və yüksək dünyagörüşlü şəxsiyyət kimi formalaşmaqdadır.
Tədbirdə digər çıxış edənlər gəncləri əlamətdar gün münasibətilə təbrik edib, onlara Vətənə layiqli vətəndaş olmağı arzulayıblar.
Gənclər onlara göstərilən etimadı şərəflə doğruldacaqlarını bildiriblər. Sonda Tərtər rayon Heydər Əliyev Mərkəzi gəclərinin Azərbaycan gənclərinə olan təbriklərini özündə əks etdirən videoçarx nümayiş olunub.