Gənclər Tusinin izi ilə: Mingəçevirdə tələbə düşərgəsi fəaliyyətə başlayıb
Bakı, 18 may, AZƏRTAC
Gənclər və İdman Nazirliyi və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində Nəsirəddin Tusinin 825 illik yubileyinə həsr olunmuş “Astrokamp 2026” tələbə düşərgəsi fəaliyyətə başlayıb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Düşərgənin ilk günündə BDU-nun Astrofizika kafedrasının dosenti Xıdır Mikayılovun rəhbərliyi ilə “Teleskop haqqında texniki təlim” keçirilib. İştirakçılar teleskopun quruluşu və müşahidə qaydaları ilə tanış olaraq Günəş müşahidəsi aparıblar.
Daha sonra təlimçi Vüsal Quliyev tərəfindən “İki kainatın kəsişməsində: kosmos və torpaq” mövzusunda təlim keçirilib. Təlimdə kosmos texnologiyalarının ətraf mühitin monitorinqi və iqlim dəyişikliklərinin izlənilməsində tətbiqi müzakirə olunub.
İkinci gün proqramı çərçivəsində Venera və Yupiter planetlərinin gecə müşahidəsi həyata keçirilib.
“Astroquiz Kahoot” bilik yarışı keçirilib və qalib komanda sertifikatla mükafatlandırılıb.
“BDU könüllüləri” təşkilatının layihələrin idarə edilməsi və təşkilatlarla iş üzrə meneceri Mədinə Xəlilovanın təqdimatında “Ulduzlardan gələn hisslər” adlı art terapiya sessiyası təşkil edilib.
Həmçinin iştirakçılar üçün oyun saatı və şəbəkələşmə oyunları təşkil olunub.
Daha sonra “BDU könüllüləri” təşkilatının baş katibi Qasım Xəlilovun iştirakı ilə “Dayanıqlı İnkişaf Məqsədləri: Yer planetini qoruyaq” mövzusunda təlim keçirilib.
Günün sonunda “Ulduzlararası” filmi nümayiş olunub.