Gənclər və idman naziri Azad Rəhimov Mingəçevirdə vətəndaşları qəbul etmişdir
Mingəçevir, 15 noyabr (AZƏRTAC). Gənclər və idman naziri Azad Rəhimov noyabrın 15-də Mingəçevir şəhərində vətəndaşları qəbul etmişdir. AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Mingəçevir, Ağdaş, Bərdə, Tərtər, Göyçay, Kürdəmir, Ucar, Zərdab, Yevlax və Ağsu rayonundan 50-ə yaxın vətəndaş iştirak etmişdir. Nazirə yazılı və şifahi formada müraciət edən vətəndaşlar daha çox rayonlarda idman bölmələrinin açılması, kəndlərdə idman zallarının və futbol meydançalarının tikintisi, mənzil şəraitinin yaxşılaşdırılması, güzəştli ipoteka krediti, işlə təmin olunmaq, işə düzəlmə, gənclər təşkilatının yaradılması və qeydiyyata alınması, gənclərin asudə vaxtının səmərəli təşkili üçün gənclər mərkəzinin inşası və digər məsələlərlə bağlı olmuşdur. Bir neçə idman müəllimi isə dərs saatının artırılması üçün nazirə müraciət etmişdir.
Qəbul zamanı vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapmış, gənclər və idman nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır. Qəbuldan sonra nazir Azad Rəhimov Mingəçevir, Ağdaş, Bərdə, Tərtər, Göyçay, Kürdəmir, Ucar, Zərdab, Yevlax və Ağsu rayonlarının gənclər və idman idarələrinin rəisləri ilə də görüşərək onlara qəbulun yekunları ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Xatırladaq ki, vətəndaşlar əvvəlcədən kütləvi informasiya vasitələrində elan olunmuş qayda üzrə, müvafiq rayonların yerli gənclər və idman idarələri ilə əlaqə saxlayaraq qəbula yazılmışdılar.