Gənclər Xocalı soyqırımının dünyada tanıdılması işində daha çox fəallıq göstərməlidirlər
Bakı, 26 fevral (AZƏRTAC, Elvira Məmmədova). Fevralın 26-da Qərb Universitetində Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.
Əvvəlcə mərasim iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
AZƏRTAC xəbər verir ki, professor-müəllim heyəti və tələbələrin iştirak etdikləri tədbirdə universitetin professoru Fikrət Sadıxov 22 il əvvəl Azərbaycan xalqının başına gətirilən müsibətlərdən danışmış, gəncləri Xocalı soyqırımının dünyada tanıdılması işində fəal olmağa çağırmışdır.
F.Sadıxov qeyd etmişdir ki, Xocalı faciəsinin ildönümü ilə əlaqədar bu ali təhsil ocağında xüsusi tədbirlər planı hazırlanmışdır. Soyqırımı ilə bağlı universitetdə dərslər keçilir, sərgi və xatirə gecəsi təşkil olunur.
Universitetin politologiya və beynəlxalq əlaqələr kafedrasının müdiri, professor Cəbi Bəhramov, AMEA-nın Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev və başqaları faciənin mahiyyətini açıqlamışlar.
Bildirilmişdir ki, erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri Xocalı soyqırımı nəticəsində 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulmuş, 487 nəfər şikəst olmuş, 1275 dinc sakin əsir götürülmüş, 150 nəfərin isə taleyi indiyədək məlum deyildir. Səkkiz ailə bütünlüklə məhv edilmiş, mülki əhali vəhşiliklə qətlə yetirilmiş, əsir götürülənlərə qarşı isə amansız, insanlığa sığmayan işgəncələr verilmişdir.
Həmçinin Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması, eləcə də erməni faşizminin ifşası ilə bağlı ilk əməli təşəbbüsün ulu öndər Heydər Əliyevə məxsus olduğu, 1994-cü il fevralın 24-də Milli Məclisin “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdiyi xatırladılmışdır.
Tədbir çərçivəsində, həmçinin dizayn fakültəsinin tələbələrinin soyqırımı qurbanlarının əziz xatirəsinə həsr olunmuş “Xocalı soyqırımı əsrin faciəsi” mövzusunda sərgi də təşkil olunmuşdur.