Gənclərə və təhsilə daha bir qayğı
Bakı, 18 fevral, AZƏRTAC
Azərbaycan gəncliyi hər zaman ictimai proseslərin önündə gedərək, dövlətçiliyin inkişafında əhəmiyyətli rol oynayıb. Ümummilli lider Heydər Əliyev cəmiyyətin tərəqqisinin gənclərimizin müasir dövrün tələblərinə cavab verən intellektual səviyyəyə malik şəxslər kimi yetişməsindən asılı olduğunu dəfələrlə qeyd edib, onların təhsili və maarifləndirilməsinə daim böyük diqqət və qayğı göstərib. Ulu Öndərin ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Daha savadlı, istedadlı və dinamik gəncliyin formalaşması üçün bu gün hökumətimiz bütün sahələrlə yanaşı, təhsil sistemində islahatlar həyata keçirir, gənclərin ictimai-siyasi həyatda rolunun artırılmasına xüsusi diqqət yetirir. Dövlətimizin başçısının məqsədyönlü siyasəti nəticəsində respublikamız bu sahədəki strateji məqsədlərinə doğru inamla irəliləyir.
Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov deyib.
İ.Mədətov bildirib ki, bu günlərdə ölkəmizin başçısının imzaladığı bir Fərman və iki mühüm sərəncam Azərbaycanda təhsilin bütün səviyyələrdə inkişafına göstərilən növbəti böyük qayğıdan xəbər verir. Belə ki, “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” və “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncamlar doktorant və dissertantları elm tutumlu tədqiqatları uğurla yerinə yetirməyə, ali məktəb tələbələrini daha yaxşı oxumağa, layiqli vətəndaş, peşəkar kadr olmağa səfərbər edir.
Rektor ölkəmizdə enerji sahəsində əldə edilən uğurların iqtisadiyyatın bütün sahələrində dinamik inkişafa nail olmaq məqsədilə mühüm tədbirlər görülməsinə imkan verdiyini söyləyib.
O deyib: “Hazırda Azərbaycanda turizm sənayesinin qeyri-neft sektorunun aparıcı istiqamətlərindən birinə çevrilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Turizm sahəsinin inkişafı perspektivdə önəmli maddi mənfəətin əldə edilməsi ilə yanaşı, ölkə vətəndaşlarının, əsasən də gənclərimizin iş yerləri ilə təmin edilməsinə, bütünlükdə insanların sosial rifahının daha da yüksəldilməsinə hesablanıb. On üç il əvvəl ölkəmizdə turizm sektorunun inkişaf etdirilməsi üçün tələb olunan ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü və müvafiq Sərəncamı ilə Azərbaycan Turizm İnstitutu təsis edilib, 2014-cü ildə bu institutun bazasında Turizm və Menecment Universiteti yaradılıb. Məlum olduğu kimi, hazırda Azərbaycan turizm sənayesinin problemlərindən biri də dünya standartlarına cavab verən peşəkar kadrların azlığı ilə bağlıdır. Turizm sənayesinin dünya iqtisadiyyatının ən gəlirli və insan tutumlu sahələrindən biri olduğunu nəzərə alsaq, bu sahənin işsizliyin aradan qaldırılması, ölkənin iqtisadi inkişafı, habelə maddi-mədəni irsinin, tarixinin, adət-ənənələrinin təbliği baxımından müstəsna imkanlara malik olduğu aydın görünər”.