Gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri və şagirdlərlə görüşlər
Bakı, 18 fevral, AZƏRTAC
Paytaxtın ümumtəhsil müəssisələrinin Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbərləri və XI sinif şagirdləri ilə görüşlər keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, görüşlərin əsas məqsədi GÇH rəhbərlərinin bilik və bacarıqlarını inkişaf etdirmək, onları vəzifə öhdəlikləri ilə bağlı maarifləndirmək, məktəblilərlə ixtisas seçimi istiqamətində müzakirələr aparmaq, yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi işinin keyfiyyətini yüksəltməkdən ibarətdir.
Tədbirlərdə çıxış edənlər GÇH rəhbərlərinə məktəblilərdə hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi məqsədilə təlimlərin təşkili və maarifləndirici-profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar tövsiyələr veriblər. Həmçinin şagirdləri maraqlandıran suallar cavablandırılıb.