Gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradılıb
Bakı, 4 fevral, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində Azərbaycan Gəncləri Günü münasibətilə silsilə tədbirlər keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, paytaxt məktəblərində Azərbaycan Gəncləri Günü ilə əlaqədar konfrans, dəyirmi masa, açıq dərs, mühazirə və seminarlar, həmçinin şagirdlərin rəsm və əl işlərindən ibarət sərgilər təşkil olunub.
Tədbirlərdə bu əlamətdar günün təsis tarixi haqqında şagirdlərə məlumat verilib. Qeyd olunub ki, Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradılıb.
Şagirdlərə zərərli vərdişlərdən uzaq durmaq, elmə yiyələnmək, idmanla məşğul olmaq, eləcə də dövlətçiliyimizin möhkəmlənməsinə çalışan, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıran, mədəni-mənəvi irsimizi təbliğ edən fəal gənclər sırasına qatılmaq tövsiyə olunub. Prezident İlham Əliyevin uzaqgörənliklə reallaşdırdığı siyasətin həyata keçirilməsində gənclərin də üzərinə mühüm vəzifələr düşdüyü bildirilib.
Məktəblilər hər zaman üzərlərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirməyə çalışacaqlarını bildiriblər.
Tədbirlər şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiyalarla davam edib.