Gənclərin iştirakı ilə onlayn maarifləndirmə tədbiri keçirilib
Bakı, 12 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə “İnsan hüquqları aylığı” çərçivəsində Gənclər və İdman Nazirliyi ilə birgə “Gənclərin hüquqları” adlı onlayn silsilə tədbirlər keçirilir.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, növbəti tədbir Ombudsman Aparatının, Nərimanov Rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı, Nərimanov, Sabunçu, Suraxanı və Xəzər Rayon Gənclər və İdman idarələrinin və gənclərin iştirakı ilə təşkil olunub.
“Gənclərin təhsil və karyera sferasında davamlı inkişafı ilə bağlı keçirilən onlayn təlim və tədbirlərin əhəmiyyəti” mövzusuna həsr edilən görüşdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin uğurla reallaşdırılması nəticəsində əldə edilən nailiyyətlərdən danışıb. Diqqətə çatdırılıb ki, Azərbaycan gəncliyi ölkə həyatının bütün sahələrində fəal iştirakı ilə seçilir, ictimai-siyasi, sosial-iqtisadi, humanitar və digər tədbirlərin keçirilməsində mühüm rol oynayır.
Ombudsman Aparatının sektor müdiri Müqalib Mahmudov tədbir iştirakçılarını 15 İyun - Milli Qurtuluş Günü və 18 İyun - İnsan Hüquqları Günü münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb. O, ombudsmanın təşəbbüsü ilə hər il ənənəvi olaraq, mayın 18-dən iyunun 18-dək respublikamızda keçirilən “İnsan hüquqları aylığı” çərçivəsində ölkəmizin bütün şəhər və rayonlarında onlayn formada təşkil olunan silsilə hüquqi maarifləndirmə tədbirləri zamanı gənclərin təhsil, əmək, sosial təminat və digər hüquqlarının müdafiəsi mövzularında müzakirələrin aparıldığı barədə məlumat verib. M.Mahmudov daha sonra gənclərin təhsil və karyera sferasında davamlı inkişafında mühüm rola malik mövcud qanunvericilik bazası, o cümlədən “Təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Məşğulluq haqqında” qanunlar, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”, “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”ndan irəli gələn məqsəd və vəzifələr, hazırkı pandemiya şəraitində gənclərlə bağlı onlayn formada təşkil olunan təlim və tədbirlərin əhəmiyyəti barədə fikirlərini bildirib.
Görüşdə çıxış edən Ombudsman Aparatının digər əməkdaşları da gənclərin təhsil və karyera sahəsində davamlı inkişafının təmini üçün ölkəmizdə mövcud resurslardan və yaradılan yeni imkanlardan danışıb, gənclərə tövsiyələrini veriblər.
Sonra mövzu ilə bağlı rayon gənclər və idman idarələrinin rəisləri çıxış edib, praktiki müzakirələr aparılıb və gəncləri maraqlandıran suallar cavablandırılıb.