Gənclərin peşə seçimində müəllim və valideynlərin böyük rolu var
Qəbələ, 26 aprel, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələ Rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə “Peşə seçimində valideynlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qəbələ şəhər 1 saylı tam orta məktəbdə təşkil edilən tədbirdə yuxarı sinif şagirdləri, müəllimlər və valideynlər iştirak ediblər.
Tədbirdə məşğulluq mərkəzinin direktoru Elxan Səlimov çıxış edərək müasir dövrümüzdə işlə təmin olunmaq üçün düzgün peşə seçiminin çox aktual məsələ olduğunu diqqətə çatdırıb. Elxan Səlimov bildirib ki, gənclərin peşələrə düzgün istiqamətləndirilməsində müəllimlərin və valideynlərin böyük rolu var. Bununla belə valideyn övladını təkidlə sevmədiyi peşəyə yönəltməməlidir. Təcrübə göstərir ki, valideyn məsləhəti ilə övlad istəyi peşə seçimində üst-üstə düşdükdə həmin kadr həyatda daha fəal mövqe tuta bilir. Seçdiyi peşə ilə məşğul olmaq insana zövq verməklə yanaşı, həm də onu cəmiyyət üçün xeyirli şəxsə çevirir.
Mövzu ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin əməkdaşı Rəşad Əsgərli, rayon icra hakimiyyətinin məsul işçisi Ramil Qəribov, təhsil şöbəsinin inspektoru Rasim Bayramov çıxış ediblər. Təhsilin innovativ inkişaf mərkəzinin təlimçisi Seymur İlham peşə seçimi ilə əlaqədar müxtəlif maraqlı videoçarxları izahlı şəkildə nümayiş etdirib.