“Gənclərin tədqiqat bacarıqlarının artırılması” adlı təlim layihəsi həyata keçirilib
Bakı, 13 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeyanı reallaşdır - 2022” adlı qrant müsabiqəsinin “Gəncdən-Gəncə” istiqaməti üzrə qalibi olmuş Heydər Rzayevin “Gənclərin tədqiqat bacarıqlarının artırılması” adlı təlim layihəsi həyata keçirilib.
Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, layihəni “Erasmus Tələbə Şəbəkəsi - Azərbaycan” İctimai Birliyinin sədri Əli Tağıyev giriş sözləri ilə açıq elan edib və iştirakçılara uğurlar arzulayıb. Daha sonra layihə rəhbəri və “Erasmus Tələbə Şəbəkəsi- Azərbaycan” İctimai Birliyinin İdarə Heyətinin üzvü Heydər Rzayev təlim iştirakçılarına elmi işlərin yazılması və tədqiqat metodologiyası mövzularında təlimlər keçib.
Heydər Rzayev bildirib ki, layihənin əsas məqsədi gənclər arasında tədqiqat mədəniyyətinin formalaşdırılmasına dəstək və onlarda tədqiqat bacarıqlarının artırılmasıdır. Bu məqsədə nail olmaq üçün layihə icraçısı 20 seçilmiş gəncə müvafiq mövzularda təlimlər keçib.
Qeyd edək ki, sözügedən layihə Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeyanı reallaşdır-2022” fərdi qrant müsabiqəsinin qalib layihələrindən biridir və Azərbaycan Respublikasının Gənclər Fondu və “Erasmus Tələbə Şəbəkəsi-Azərbaycan” İctimai Birliyinin dəstəyi ilə həyata keçirilib.