GENERAL İSMAYIL BƏY QUTQAŞINLI HAQQINDA TELEFİLMİN PREMYERASI
Qutqaşın sultanlığının son sultanı Nəsrullanın oğlu İsmayıl bəy 1822-ci ildə kadet məktəbini bitirmiş və Gürcüstanda Xüsusi Qafqaz Korpusunun podporuçiki kimi xidmətə başlamışdır. Sonralar o, yeddi müharibənin, o cümlədən Rusiya-Türkiyə və Rusiya-İran müharibələrinin iştirakçısı olmuşdur. 1832-ci ildə İ.Qutqaşınlı Varşavada xidmət etmiş, 1850-ci ildə Polşada olarkən çar ordusunun general-mayoru rütbəsi almış, bir ildən sonra istefaya çıxaraq, vətənə qayıtmışdır. Qutqaşınlı Rusiya İmperator Coğrafiya Cəmiyyətinin üzvü və Qafqaz Kənd Təsərrüfatı Cəmiyyətinin həqiqi üzvü olmuşdur.
Qeyd etmək lazımdır ki, azərbaycanlı general yaradıcı şəxsiyyət idi. Onu hətta milli ədəbiyyatda hekayə janrının banisi hesab edirlər. Filmin yaradıcıları AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, İsmayıl bəy Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” adlı ilk hekayəsi 1835-ci ildə ilk dəfə fransız dilində dərc olunmuşdur. Filmin quruluşçu rejissoru Elşən Zeynalovun sözlərinə görə, tamaşaçılar həmin hekayə əsasında çəkilmiş televiziya filmindən bir neçə kadra da baxa biləcəklər. İsmayıl bəy həm də Azərbaycan maarifçi realist ədəbiyyatının yaradıcılarından biridir.
General Qutqaşınlının həyatı faciə ilə sona çatmışdır. 1869-cu ildə o, Qəbələdən Məkkəyə gedərkən və Ağdaş karvansarasında yemək yeyərkən, deyilənlərə görə, milliyətcə erməni olan bir nəfər tərəfindən zəhərlənmişdir. Versiyalardan birinə görə, o, təsadüfən zəhərlənməmişdir. Tarixi materiallara görə, çarın xüsusi xidmət orqanları onu 1855-ci ildən izləyirdilər. Qutqaşınlı İstanbulda olarkən Türkiyə ordusunun yüksək rütbəli zabitləri ilə görüşmüşdür ki, bu da çarın ona olan etimadının sona yetməsinə kifayət etmişdir. Qutqaşınlının məzarı Qəbələdəki Sultan Baba qəbiristanlığındadır.
Televiziya filmində İsmayıl bəy rolunu Nazim Rza İsrafiloğlu oynamışdır. Filmin ssenari müəllifi Yaqub Əlioğlu, quruluşçu operatoru Adil Abbasovdur. Film Azərbaycan Dövlət Teleradio Şirkətinin “Azərbaycantelefilm” studiyasında çəkilmişdir.