CƏMİYYƏT
Gəray Gəraybəyli: Xərçəng diaqnozu ölüm demək deyil

Bakı, 21 oktyabr, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına görə, hər il dünyada 1 milyondan çox xəstəyə süd vəzi xərçəngi diaqnozu qoyulur.
AZƏRTAC xəbər verir ki, bunu I Beynəlxalq süd vəzi xərçəngi konqresində Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli deyib. O bildirib ki, Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti (ATU), Azərbaycan Süd Vəzisi Xəstəlikləri Assosiasıyasının (ASVXA) birgə əməkdaşlığı ilə keçirilən iki günlük Süd vəzi xərçəngi konqresi mövzu etibarı ilə vacib və aktualdır. Professor bildirib ki, xəstəliyin ölüm faizi yüksəkdir. Bu səbəbdən süd vəzi xərçəngi ictimai səhiyyə problemidir. Çox təəssüf ki, süd vəzi xərçəngi diaqnozu qoyulan xəstələr arasında vəfat edənlərin sayı az deyil. ATU-da bu xərçəng növü də daxil olmaqla digər növlərin profilaktikası məsələsinə böyük yer verilir. Hər il xəstəliyin erkən diaqnozunun vacibliyi ilə bağlı kütləvi maarifləndirmə işləri keçirilir.
Gəray Gəraybəyli xatırladıb ki, oktyabrın 15-i Süd Vəzi Xərçəngi ilə Mübarizə Günüdür. Bununla bağlı çoxsaylı maarifləndirmə tədbirləri keçirilir.
“Düşünürəm ki, konqres ölkələr arasında əməkdaşlığa və Azərbaycanda onkoloji yardımın inkişafına təkan verəcək.
Süd vəzi xərçənginin erkən diaqnostikası ilə bağlı həkimlər arasında geniş əməkdaşlıq layihələri planlaşdırılır. Konqresin digər planları arasında tibb bacıları üçün sessiyaların təşkili və süd vəzi xərçəngi diaqnozu qoyulanlarla görüşlər nəzərdə tutulub. Qeyd etmək istəyirəm ki, xərçəng diaqnozu ölüm demək deyil”, - sözləri ilə rektor çıxışını yekunlaşdırıb.