Gömrük Akademiyasının tələbələri müxtəlif dövlət qurumlarında təcrübə keçəcək
Bakı, 18 fevral, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) IV kurs tələbələri fevralın 18-dən 14 həftə ərzində bir sıra müxtəlif dövlət qurumlarında istehsalat təcrübəsi keçəcək.
Akademiyanın ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, DGKA-nın rəisi Qulu Novruzov təcrübəyə gedəcək tələbələr və onların təcrübə rəhbərləri ilə görüşüb. O, “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” və “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli sərəncamlarından, dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışıb.
Ali təhsil müəssisələrində tədris prosesi, tələbələrin əldə etdikləri bilik və bacarıqları təcrübədə tətbiq etmələrinin vacibliyini bildirən Q.Novruzov tələbələrin təhsillə yanaşı, praktiki iş bacarıqlarına malik olmasının əhəmiyyətini qeyd edib. Akademiyanın rəisi buraxılış işlərinin mövzularına uyğun olaraq tələbələrin Dövlət Gömrük Komitəsi, Konstitusiya Məhkəməsi, Dövlət Turizm Agentliyi, Auditorlar Palatası, Maliyyə Bazarlarına Nəzarət Palatası, “AtaSığorta” ASC, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu, Milli Elmlər Akademiyasında təcrübə keçəcəklərini bildirərək onlara bu müddətdə uğurlar arzulayıb.
Q.Novruzov cari tədris ilində istehsalat təcrübəsinin yeni, fərqli formatda təşkil olunduğunu nəzərə çatdırıb. O, tələbələrin təcrübə keçdikləri dövlət qurumlarının fəaliyyəti ilə yaxından tanış olmaq imkanı əldə etdiklərini də bildirib.
Akademiyanın təlim və innovasiyalar üzrə rəis müavini Ramiz Hümbətov tələbələri təcrübə gündəliyinin doldurulması, təcrübənin sonunda hesabatın yazılması qaydaları ilə bağlı təlimatlarla tanış edib.