Gömrük nəzarətindən gizlədilən siqaret və spirtli içkilər aşkarlanıb
Bakı, 4 mart, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 3 fakt üzrə tütün məmulatlarının və spirtli içkilərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, İdarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan “VAZ 21074”, “Mercedes-Benz E 240” və “Chevrolet Cruze” markalı avtomobillərlə gələn Azərbaycan vətəndaşları saxlanılıb və şifahi sorğu-sual olunublar. Bu zaman sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər. Gömrük baxışı zamanı avtomobillərin gizli saxlanc yerlərində 2400 ədəd “King”, 3800 ədəd “Marlboro” markalı siqaret və üzərində “Neft” yazısı olan 27 ədəd 0,7 litrlik spirtli içki aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.